CƏMİYYƏT
Antalyada səhiyyə təşkilatlarının maliyyə idarəetməsi məsələləri müzakirə olunur
Bakı, 10 dekabr, AZƏRTAC
Son dövrlərdə dünyada səhiyyə xərclərinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bir çox səhiyyə təşkilatlarının üzləşdiyi maliyyə məhdudiyyətləri və artan xərcləri nəzərə alaraq, təşkilatlar öz fəaliyyətini yaxşılaşdırmaq üçün institusional dəyişikliklər etməli, həmin istiqamətdə bacarıqlarını inkişaf etdirməlidir.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bu fikirlər Türkiyənin Antalya şəhərində Səhiyyə Akademikləri Assosiasiyası (SAD) və Şimali Karolina Pembrok Universitetinin təşkilatçılığı ilə “Səhiyyənin maliyyələşdirilməsində müasir yanaşmalar və qanunvericilikdə innovasiyalar” mövzusunda “XIII Beynəlxalq sağlıq və xəstəxana idarəçiliyi” konfransında deyilib.
Konfrans “Səhiyyə müəssisələrində maliyyə menecmenti”, “Səhiyyə sistemlərinin gələcəyi”, “Səhiyyə və xəstəxana idarəçiliyi”, “Səhiyyə iqtisadiyyatı” və digər mövzular üzrə bir neçə sessiyadan ibarət olub.
Müzakirə olunan mövzular mövcud vəziyyətdə ölkəmizdə də fəaliyyət göstərən səhiyyə təşkilatlarının maliyyə idarəetməsinin, büdcə planlaması prosesləri sisteminin səmərəliliyinin artırılması baxımından çox mühüm və beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edib.
TƏBİB-in nümayəndələrinin də iştirak etdiyi beynəlxalq konfransda təcrübənin transformasiyasına, xüsusən də aşağı qiymətlərlə yüksək keyfiyyətli xidmətin necə əldə edilməsi, tibbi sığorta, səhiyyənin maliyyələşdirilməsi ilə bağlı qanun və qaydalara diqqət yetirilib. Tədbirin bir istiqaməti - səhiyyə sisteminin rəqəmsallaşması və ən müasir tendensiya olan meta layihələrin yaxın gələcəkdə səhiyyədə geniş istifadə olunmasının prioritetliyi olub. Böyük dataların təhlükəsiz və dəqiq saxlanılması gələcəklə bağlı büdcə proqnozlaşdırılmalarında yarana biləcək maliyyə risklərini yetərli qədər aşağı salınacağının zəminliyi haqqında və yaxın gələcəkdə bu məsələyə daha diqqət artırmalı olduğuna diqqət ayrılıb.
Konfransda Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Serbiya, Şimali Kipr, Qazaxıstan və digər ölkələrin səhiyyə üzrə məsul şəxslərinin təqdimatları olub.