CƏMİYYƏT


Antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməlidir

Bakı, 30 noyabr, AZƏRTAC

Pandemiya dövründə antibiotiklərdən yanlış istifadə aktuallıq kəsb edir. Təəssüf ki, ölkəmizdə də yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin bir çoxu evdə həkim məsləhəti olmadan həmin dərmanları qəbul edirlər. Həkim-terapevt bildirir ki, virusla bağlı şikayətlərdə simptomların müddəti 5-7 gün, bəzən də üç həftəyədək davam edə bilər. Əlamətlərin şiddətli olması da antibiotik istifadəsi üçün səbəb deyil.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalı reanimasiya və anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov deyib: “Xəstədə koronavirusla yanaşı digər bakterial infeksiyalar baş qaldırır, həmin xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə tibbi göstəriş olur və onu təyin edirlər. Bundan əvvəl təyin olunan antibiotiklər həm immun sisteminin zəifləməsinə, həm də orqanizmdə şərti patogen bakteriyaların ona qarşı dözümlülüyünün yaranmasına aparıb çıxarır. Bu da xəstəliyin ağırlaşması zamanı həmin dərman preparatından istifadənin səmərəsizliyinə, nəticədə xəstəliyin daha da ağırlaşmasına səbəb olur”.

Bəzən uşaqlarda xəstəliyin simptomları ağır olur, qızdırma yüksəlir və bir neçə gün davam edir. Bu zaman valideynlər çıxış yolunu antibiotiklərdən istifadədə görürlər. Həkim-pediatr Nigar Mirzəyevanın dediyinə görə, preparatın qəbulu zamanı valideynlər bəzi məqamlara diqqət yetirməlidirlər: “Antibiotiklərin verilmə dozası və müddəti böyük əhəmiyyət kəsb edir. Onların bəzisi 3, bəzisi 10 günə qədər istifadə edilə bilər və bu, onun növündən asılıdır. Bəzən antibiotiklər təyin ediləndən bir müddət sonra simptomlar aradan qalxan kimi onun dozasını azaldır və dayandırırlar. Əslində bu, ən böyük yanlışlardan biridir. Bu, çox vaxt orqanizmdə məhv olmayan mikrobun antibiotikə qarşı daha rezistent, yəni daha dayanıqlı hala gətirilməsinə səbəb olur”.

Antibiotiklərin ən ciddi əks təsirlərindən biri anafilaktik şokdur, həmçinin həmin preparatlardan uzunmüddətli istifadə ağciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də xəstəliklə əlaqədar hər hansı narahatlıq zamanı vaxtında həkimə müraciət edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.