ELM VƏ TƏHSİL
Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyasının tədqiqatları davam edir
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyası qədim Qəbələnin Antik şəhər yerində və Qəfərli Antik dövr nekropolunda tədqiqatlar davam edir.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Çaqqallı adlanan sahədə yerləşən Antik şəhər yerində aparılan arxeoloji tədqiqatların əsas məqsədi ərazidə ilkin yaşayış məskəninin salınması, inkişafı və şəhər kimi formalaşması mərhələlərinin ardıcıllığının öyrənilməsidir. Tədqiqatlar nəticəsində eramızdan əvvəl VI-IV əsrlərə və eramızdan əvvəl III-I əsrlərə aid mədəni təbəqələr müəyyən edilib. Tədqiqatların ilkin nəticələrinə əsasən söyləmək olar ki, ellinizm dövrünün sonlarına doğru ərazidə yaşayış məskəni inkişaf edərək Antik Qəbələ şəhərinin əsas hissəsinə çevrilib.
Ekspedisiya Antik şəhər yeri ilə yanaşı, ətrafda olan qədim qəbiristanlıqda da tədqiqatlar aparılır. Soltannuxa kəndi ərazisində yerləşən Qəfərli nekropolunda 2020-ci ildən başlanan tədqiqatlar uğurla davam edib. Tədqiqatlar zamanı yer səthindən 120 santimetr dərinlikdə torpaq qəbirlər aşkarlanıb. Qəbirlərdən birində qadın və uşaq skeleti olmaqla, qoşa dəfn müşahidə olunub. Qəbirlər antik dövr üçün səciyyəvi olan müxtəlif formalı saxsı qablarla zəngindir. Aşkar edilən qəbirlərin xronoloji çərçivəsi eramızdan əvvəl I əsrin sonları və eramızın II əsrlərini əhatə edir.
Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələrinin üzə çıxması məlum olub. Ekspedisiya rəhbəri Ceyhun Eminli bildirib ki, həmin əraziyə baxış keçirilərkən Yaloylutəpə sahəsində xəndək qazıntısı zamanı yer səthindən 80-140 santimetr dərinliklərdə antik dövrə aid dağıdılmış qəbirlərin xəndəyin divarlarında qalmış izlərinə əsasən qeydləri aparılıb, qəbirlərə aid bəzi qablar götürülüb. Antik şəhər yerində tədqiqatların növbəti qazıntı mövsümlərində də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Antik şəhər yerində ilk tədqiqatlar keçən əsrin 50-ci illərindən Saleh Qazıyev tərəfindən başlanılıb, 2017-ci ilə qədər professor İlyas Babayevin rəhbərliyi ilə davam edib. 2019-cu ildən Ceyhun Eminlinin rəhbərliyi ilə Antik şəhər yerində tədqiqatlara yenidən start verilib.