REGİONLAR


Antik və orta əsrlər şəhər məskəni Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

Ağcabədi, 25 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası 2018-ci ilin yayında Qalatəpə antik və orta əsrlər şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib. Tədqiqat işləri zamanı əsas diqqət qədim şəhər məskəninin öyrənilməsinə yönəldilib.

İnstitutun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, düzən Qarabağda – Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhərinin yerində araşdırmalar 2008-ci ildən aparılır. Bu ilin yayında bir ay ərzində aparılan tədqiqatlar zamanı II Qazıntı sahəsinin D2 və D3 kvadratlarında 0,9-2,0 metr qalınlığında olan mədəni təbəqə tədqiq edilib. Üst qatda erkən şirli qab fraqmentlərinə təsadüf edilsə də, bu təbəqənin əsasən erkən orta əsrləri əhatə etdiyi müəyyənləşdirilib. Xüsusilə 1,3 metr dərinlikdən başlayaraq keramikada dəyişiklik müşahidə olunub. Burada qırmızı boyalı saxsı qab qırıqlarına, qara və boz rəngli kobud keramika nümunələrinə daha çox rast gəlinib. Tapıntılar arasında ocaq qurğusunun bir hissəsi, qara rəngli şüşə qabın qırığı, göyümsov rəngli beşguşəli daşdan üzük qaşı və s. var. D3 kvadratında 1,7 metr dərinlikdə üstü əhəng tozu ilə suvanmış möhrə döşəməyə, iri dirək yerlərinə, bişmiş kərpicdən diametri 0,7 metr olan dairəvi qurğuya, kvadrat şəkilli (28 x 28 x 6 sm; 26 x 26 x 5 sm) bişmiş kərpiclərə təsadüf olunub. Kərpiclərdən birinin üzərinə üç barmaqla paralel çəkilmiş batıqlardan naxış vurulub.

Arxeoloji dəstə Qalatəpədə tədqiqatlar aparmaqla yanaşı, ətraf ərazilərdəki abidələrin vəziyyətini də yoxlayıb. Bala (Qiyamədinli kəndi) və Böyük (Təzəkənd) Torağay təpələri, Qurdlu təpə (Şahsevən kəndi), Qarqarçay boyu ərazilər nəzərdən keçirilib. Beyləqan rayonu ərazisindəki çoxtəbəqəli Çardaxlı təpələrinə (Aşağı Cəmilli kəndi) baxış keçirilib, Sultanbud abidələri haqqında (Bahar qəsəbəsi) ilkin məlumat toplanıb.

Bu abidələrin hər hansı dağıntıya məruz qalmamasını sevindirici hal kimi qiymətləndirən T.Əliyev dağılan abidələrə də rast gəlindiyini təəssüflə qeyd edib: “Mil düzündə, Kamiltəpədən 150 metr şimal qərbdə buldozerlə torpaq işləri görülən zaman son tunc və erkən dəmir dövrünə aid qəbiristanlıq aşkar edilib. 1,4-2,0 metr dərinlikdə yerləşən torpaq qəbirlərin üstü əhəng daşı lövhələri ilə örtülüb. Ətrafda yaşayan sakinlər dağıntı yerindən qara cilalı, naxışlı saxsı qablar, tunc, ağ pasta və əqiqdən bəzək əşyaları toplayıblar. Həmin ərazidəki fermada yaşayan Qiyamədinli kənd sakini Cəmilə İdris qızı Qarayeva əldə etdiyi əşyaları (bir ədəd nehrə və bir qara cilalı kiçik bardaq istisna olmaqla) bizə təqdim etdi. Biz isə həmin artefaktların təsvirini aldıqdan, cizgi və foto surətlərini çıxardıqdan sonra Ağcabədi rayon tarix diyarşünaslıq muzeyinə təhvil verdik. Mil-Qarabağ düzünün qeyd olunan dövrünü araşdırmaq baxımından bəhs olunan qəbir abidəsinin kompleks halda tədqiqinə ehtiyac var. Yaxın vaxtlarda burada tədqiqatların aparılması məqsədəuyğun olardı”, - deyə T.Əliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.