CƏMİYYƏT
Antioksidantlar nədir və onlar hansı qida məhsullarının tərkibində var?
Bakı, 25 aprel, AZƏRTAC
Orqanizmin qocalma prosesi kimya baxımından nəzərdən keçirildikdə onun oksidləşdirici stres və iltihabla əlaqədar olduğu ortaya çıxır. Antioksidantlar iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. “Sərbəst radikallar və antioksidantların tarazlığı orqanizmi infeksiyalar və şişlərə qarşı mübarizə ilə təmin edir. Orqanizmi antioksidantlarla "doldursaq" və bununla da sərbəst radikalların miqdarını əhəmiyyətli dərəcədə azaltsaq, bu virus əleyhinə və şiş əleyhinə immunitetə mənfi təsir edə bilər. Bunu etməsək daha yaxşı olar”. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bunu endokrinoloq Marina Berkovskaya bildirib.
Antioksidantların qəbul edilməsinə çox diqqətlə yanaşmaq lazımdır, hər şeyin qaydasında olması və balansa riayət edilməsi çox vacibdir. Əks təqdirdə, effekt gözlənildiyindən tam əks olacaq. Buna görə də özünümüalicə qətiyyən yolverilməzdir. Təcrübədən keçirmək istədikdə, antioksidantların qida məhsullarından əldə edilməsinə üstünlük verin.
Ən yaxşı mənbələr: giləmeyvələr (qaragilə, quşarmudu, qarağat, üzüm), qoz-fındıq, sitrus meyvələri, alma, soğan və sarımsaq, zəncəfil, tərəvəzlər və kakaodur. Daha güclü effekt əldə etmək üçün bunların təzəsinin qəbulu məsləhətdir. Emal zamanı antioksidantlar dağılır və faydalı xüsusiyyətlərini itirir.
Meyvə və tərəvəzlər hər gün istehlak edilə bilər. Bu bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir. Kakaonu təmiz formada və ya tünd şokolad şəklində (gündə 10 qramdan çox olmamaq şərtilə) istehlak etmək olar.