CƏMİYYƏT


Antisanitar şəraitdə hazırlanan balıq və digər məhsulların satışı ilə məşğul olan şəxslər ifşa edilib

Bakı, 11 dekabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədov idarənin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verilən 8 kütüm, 8 çəki balığı, 4 dovşan, 4 toyuq və 4 ev ördəyi aşkar olunub.

Araşdırma zamanı V.Səmədovun həmin məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırladığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Oradan məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi tüstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.

Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Həmin faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi hisə verilmiş məhsulları antisanitar şəraitdə müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunsuz fəaliyyətlərinə son qoymağı tələb edir. Paytaxt, eləcə də regionlarda bu tipli qanunsuz sexlərin aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.