DÜNYA
Antonio Banderas ilk moda kolleksiyasını təqdim edib
Bakı, 10 avqust, AZƏRTAC
Bu gün 56-cı doğum gününü qeyd edən məşhur aktyor Antonio Banderas əlamətdar gündə ilk kişi geyimi kolleksiyasını təqdim edib.
Londonun prestijli Sentral Sent-Martins (Central St.Martins College) kollecində təhsilini başa vuran Banderas dizayner peşəsinə yiyələnməyi düşünür. İlk kolleksiyasını hazırlayarkən ispaniyalı aktyor, rejissor, rəqqas, müğənni və model - bunlar hamısı Banderasa aiddir, Skandinaviyanın Selected Homme (Seçilmiş kişi) istehsalçısı ilə əməkdaşlıq edib.
Antonio Banderasın geyim kolleksiyası "Ehtiras. Ruh. Həyat" adlanır. Onun bildirdiyinə görə, məhz cins şalvar, ensiz palto, klassik köynək və pololar, xüsusi kostyum və dəri pencəklər ehtirası hər şeydən yaxşı büruzə verir.
Qeyd edək ki, Banderas 2014-cü ildə keçmiş həyat yoldaşı Melani Qriffitlə birgə çəkildiyi "Sığortaçı" filmindən sonra daha çox epizodik rollarla yer alıb.