CƏMİYYƏT
Antonio Quterres 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizini koronavirusa qarşı peyvənd etməyə çağırıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Dünya əhalisinin koronavirusa qarşı peyvənd olunması 2022-ci ilin ortalarına qədər 70 faiz səviyyəsinə çatmalıdır. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu çağırışla BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərəfəsində Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək tədbirində dünya ictimaiyyətinə müraciət edib.
"Pandemiyaya son qoymalıyıq. Cavabımız çox yavaş və qeyri-bərabər idi. Mən dünyanı gələn ilin ortalarına qədər dünya əhalisinin 70 faizini peyvənd etmək üçün peyvənd istehsalını iki qat artıracaq qlobal vaksinasiya planının yerinə yetirilməsi üçün səfərbər olmağa çağırıram", - deyə o bildirib.
Bundan əvvəl Antonio Quterres peyvənd nisbətinin qeyri-bərabərliyini dəfələrlə tənqid edib, çünki inkişaf etmiş ölkələrdə peyvənd olunanların sayı əhalinin yarısından çoxunu təşkil etdiyi zaman, məsələn, bəzi Afrika ölkələrində o heç 10 faizə belə çatmayıb.