CƏMİYYƏT


Antonio Quterreş: Davamlı inkişaf üçün sağlam planet lazımdır

Bakı, 23 fevral, AZƏRTAC

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT Ətraf Mühit Assambleyasının iştirakçılarına müraciət edərək Baş katib Antonio Quterreş insanların rifah halının əsasən onların təbiətlə münasibətlərindən asılı olduğunu bildirərək, indiki dövrü “böhran və qeyri-sabitlik dövrü” adlandırıb.

BMT rəhbəri, COVID-19-un milyonlarla insanı yoxsulluğa və bərabərsizliyin artmasına sürüklədiyini qeyd edərək, bütün bu sarsıntıların "üçlü ekoloji fəlakət": iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsi fonunda baş verdiyini xatırladıb. Antonio Quterreş, BMT-nin Ətraf Mühit Assambleyasının beşinci sessiyasının iştirakçılarına etdiyi videomüraciətində, 2021-ci ilin təbiətlə barışıq ili olması lazım olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) "Təbiətlə sülh" adlı bu yaxınlarda yayımlanan məruzəsinə istinad edən Birləşmiş Millətlər Təşkilatının rəhbəri davamlı inkişaf üçün sağlam planetin lazım olduğunu vurğulayıb.

Assambleyadan sonra üzv olan dövlətlər biomüxtəlifliyin itirilməsi, kimyəvi çirklənmə, okeanın vəziyyəti, səhralaşma və iqlim dəyişikliyi templərinin müzakirə edilməsi üçün bir araya gələcəklər.

Bu müzakirələri "məqsədləri müəyyən etmək və fəaliyyət planlarını hazırlamaq üçün bir imkan" adlandıraraq, Quterreş, cari ilin gərgin olacağını, "davamlı inkişafın ekoloji aspektlərinin formalaşdırılması üzrə çox böyük məsuliyyətli iş"in gözlənildiyini qeyd edib.

“Hökumətlərə və bütün insanlara ... bütün ətraf mühit, sosial və iqtisadi problemlərin bir-birinə bağlı olduğunu dərk etmək lazımdır. Onları hamı ilə birlikdə həll etmək lazımdır”, – deyə BMT rəhbəri söyləyib.

BMT-nin Baş katibi bildirib ki, bu gün dənizlərin və okeanların plastiklə dolu olduğu, sürətlə oksidləşdiyi şəraitdə, flora və faunanın ehtiyatlarının azaldığı, hava istiliyinin yüksəldiyi zamanda, artıq hərəkətsiz qalmaq olmaz. "Təbiətə münasibətimizi dəyişdirməkdən başqa seçimimiz yoxdur”, - deyə Antonio Quterreş vurğulayıb və ətraf mühitin qorunması vəzifəsinin istənilən siyasət və planların mərkəzində olmalı olduğunu əlavə edib.

Bu gün qlobal ümumi daxili məhsulun (ÜDM) təqribən yarısı təbiətin bəhrələrindən asılıdır. Son iyirmi ildə təbiətlə əlaqəli qlobal kapitalın həcmi 40 faiz azalıb. Bu tendensiya Dünya İqtisadi Forumunu bəşəriyyətin yaxın on ildə üzləşəcəyi ilk beş təhlükə sırasına biomüxtəlifliyin itirilməsi və ekosistemlərin dağılmasını da daxil etməyə məcbur edib.

Baş katib güman edir ki, təcili tədbirlərə ehtiyac hər zamankindən daha aydın görünür. O, COP26 adı ilə tanınan BMT-nin növbəti iqlim konfransının noyabr ayında Qlazqoda təşkil ediləcəyini xatırladıb. Bu konfransda bütün ölkələr dekarbonlaşdırma üzrə milli planlarını elan etməli olacaqlar. May ayında Çinin Kunmin şəhərində keçiriləcək biomüxtəliflik üzrə konfransda ölkələr flora və faunanın itirilməsinin qarşısının alınmasının strategiyalarını təqdim etməli olacaqlar.

Baş katibin sözlərinə görə, həlli təbiətlə əlaqələrin qurulmasına kömək edəcək bir başqa təcili vəzifə kimyəvi maddələrin və tullantıların rasional idarə edilməsidir.

Baş katib təkidlə israf şəkildə və qeyri-rasional balıqçılıq metodlarından imtina etməyə, dənizkənarı qorunan əraziləri genişləndirməyə və dəniz mühitini çirkləndirməməyə çağırıb.

“Əhəmiyyətli dərəcədə bəşəriyyətin bu planetdə həyati fəaliyyəti sizin səylərinizdən asılıdır”, – deyə Baş katib Assambleya iştirakçılarına müraciət edərək qeyd edib.

Quterreş, liderlik göstərməyə və gələcək nəsilləri düşünməyə çağıraraq, bu gün bütün bəşəriyyətin, sadəcə, sağ qalması üçün deyil, eyni zamanda, çiçəklənməsi üçün planetimizin qorunmasını təmin etmək imkanının hələ də mövcud olduğuna əminliyini bildirib.

UNEP rəhbəri İnger Andersen, təcili tədbirlərin görülməyəcəyi təqdirdə, gələcək nəsillərin "800 min il ərzində atmosferdəki ən yüksək karbon tərkibli həddindən artıq istilənmiş planeti miras alacağını" xəbərdar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.