DÜNYA


Antonio Quterreş Somalidə BMT-nin nümayəndəliyinə silahlı hücumu pisləyib

Bakı, 3 yanvar, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Somalidə BMT-nin nümayəndəliyinə silahlı hücumu pisləyən bəyanat verib. O, paytaxt Moqadişoda törədilmiş terror aktı nəticəsində xəsarət alan əməkdaşların tezliklə sağalmasını arzulayıb.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş katibi silahlı hücumu beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması adlandırıb. O, Somali hökumətini baş verən insidentin araşdırılması və günahkarların dərhal məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görməyə çağırıb.

Bəyanatda vurğulanıb ki, bu cür cinayətlər BMT-nin Somalidə sülhün və sabitliyin bərqərar olması istiqamətində yerli hökuməti dəstəkləməsinə əngəl ola bilməz. Yerli mətbuatın yazdığına görə, “Əş-Şabab” silahlı qruplaşması insidentin məsuliyyətini öz üzərinə götürüb.

Təşkilatın Somalidəki xüsusi nümayəndəsi Nikolas Haysom da bu terror aktını pisləyib. Onun sözlərinə görə, heç bir bəhanə Somalidə sülhə nail olmaq istəyən yerli hökuməti dəstəkləyən beynəlxalq təşkilatlara qarşı hücumlara bəraət qazandıra bilməz.

Yerli mətbuatın xəbərlərinə görə, bu ölkənin hökuməti Haysomu “persona non-qrata” elan edib və onu Somalinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.