CƏMİYYƏT


Antonio Quttereş okeanın xilas edilməsi planını təklif edib

Bakı, 28 iyun, AZƏRTAC

Okeanların çirklənməsi, onların resurslarının hədsiz dərəcədə istismar edilməsi və qlobal istiləşmə dənizlərin və sahilyanı ekosistemlərin vəziyyətinin kəskin pisləşməsinə gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, Lissabonda BMT-nin Okean üzrə konfransı işə başlayıb. Konfrans iştirakçıları bu və digər problemləri müzakirə edirlər. BMT-nin Baş katibi Antonio Quttereş konfransın açılışındakı çıxışında okeanların təhlükədə olduğunu bildirib və onların xilas edilməsinə dair dörd tövsiyə təklif edib. Bu tövsiyələrdən biri dənizdən asılı olan iqtisadiyyata investisiyaları artırmaq barədədir.

Konfransın əsas məqsədi okeanların davamlı şəkildə idarə edilməsi üçün beynəlxalq birliyə elmi cəhətdən əsaslandırılmış innovasiyalı qərarlar təqdim etməkdir. Tədbir BMT-nin himayəsi ilə Portuqaliya və Keniya tərəfindən təşkil edilib.

Dünya okeanı Yer kürəsinin səthinin təqribən dörddə üç hissəsini əhatə edir. Planetdə nə vaxtsa mövcud olmuş ən iri canlılar olan mavi balinalardan başlamış milyardlarla xırda mikroorqanizmlərə qədər müxtəlif canlı varlıqlar məhz okeanda yaşayır.

“Yer kürəsinə kosmosdan baxanda mavi planetdə yaşamağımızı əyani şəkildə anlayırıq. Okean bizim hamımızı birləşdirir. Lakin təəssüf ki, biz okeanı sanki belə də olmalı bir fakt kimi qəbul edirik və bu gün “okeanda fövqəladə vəziyyət” ilə üzləşirik”, - deyən Baş katib vurğulayıb ki, indi vəziyyəti əsaslı şəkildə dəyişmək lazımdır.

Qlobal istiləşmə okeanın temperaturunu rekord səviyyəyə çatdırır, bu isə öz növbəsində get-gedə güclənən və tezləşən qasırğalara səbəb olur. Ada-dövlətlər, həmçinin dəniz səviyyəsindən aşağı yerləşən çoxsaylı iri sahilyanı şəhərlər daşqınlardan əziyyət çəkir.

İqlim böhranı okeanların turşulaşmasına və dənizdə qida zəncirinin pozulmasına gətirib çıxarır. Mərcan rifləri rəngini itirir və məhv olur. Şibyə və sulu-bataqlıq torpaqlar kimi sahilyanı ekosistemlər deqradasiyaya məruz qalır.

Okeana qurudan tökülən çirkab sular sahilyanı ərazilərdə ucsuz-bucaqsız ölü zonalar yaranmasına səbəb olur. Çirkab suların təqribən 80 faizi təmizlənmədən dənizə axıdılır. Okeanlara hər il 8 milyon tona yaxın plastik tullantı düşür. Qəti tədbirlər görülməsə, 2050-ci ildə okeanda plastik maddələrin miqdarı balıqlardan çox olacaq.

Baş katib daha sonra bildirib ki, indi ən ucqar rayonlarda və ən dərin çökəkliklərdə plastik tullantılar aşkar edilir, bu isə dolanışığı balıq ovundan və turizmdən asılı olan insanlara böyük ziyan vurur. Baş katib qeyd edib ki, Sakit okeanda plastik kütlələrin toplandığı ərazinin sahəsi Fransanın ərazisindən böyükdür.

Antonio Quterreş konfransdakı çıxışında bu vəziyyətin əsaslı şəkildə dəyişməsinə kömək edə biləcək dörd tövsiyə təklif edib. Həmin tövsiyələr bumlardır:

Okeanlarla bağlı davamlı iqtisadiyyata investisiyalar artırılmalıdır. Bərpaolunan enerji mənbələrini inkişaf etdirmək, mövcudluğu okeanlardan asılı olanlar üçün vəsaitin artırılmasına nail olmaq lazımdır.

Okeanların davamlı idarə edilməsi indiki ilə müqayisədə 6 dəfə çox qida məhsulları və 40 dəfə çox bərpaolunan enerji istehsalına kömək edə bilər.

A.Quttereş ikinci tövsiyəni şərh edərək deyib: “Okeanların xilas edilməsi üçün səylərimiz qlobal sərvətlərin ümumi rifah naminə idarə edilməsi nümunəsi olmalıdır. Bu isə o deməkdir ki, dəniz mühitinin çirklənməsinin qarşısını almaq, çirklənmənin miqyasını azaltmaq lazımdır. Bundan ötrü təbiəti mühafizə xarakterli səmərəli tədbirlər genişlənməli, sahilyanı zona kompleks şəkildə idarə edilməlidir.

BMT-nin rəhbəri dolanışığı okeanlardan asılı olan insanları müdafiə etməyə, bu məqsədlə iqlim dəyişmələri problemlərini həll etməyə, sahilyanı infrastruktura investisiyaları artırmağa çağırıb.

Baş katib vurğulayıb: “Gəmiçilik sektoru 2050-ci ilə qədər tullantıların sıfıra endirilməsinə dair öhdəlik götürməli və bu öhdəliyin yerinə yetirilməsinə dair səmərəli planlar təqdim etməlidir.

A.Quttereş bütün sahilyanı dövlətləri fəlakətli vəziyyət barədə erkən xəbərdarlıq sistemi ilə bağlı yeni təşəbbüsə qoşulmağa çağırıb. Elmi və innovasiyaları okeanların vəziyyətini yaxşılaşdırmağa yönəltməyə çağıran Baş katib deyib: “Mən hamını 2030-cu ilə qədər dənizin dibinin 80 faiz öyrənilməsi hədəfinə qoşulmağa çağırıram. Özəl sektorun okeanların tədqiqi və onların davamlı idarə edilməsi layihələrinə qoşulmalarını tövsiyə edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.