MƏDƏNİYYƏT
Antonio de Diyeqo: Nəsimi İslam dünyasının böyük mütəfəkkirləri dəstəsinə mənsubdur
Madrid, 21 noyabr, AZƏRTAC
Nəsimi öz poeziyası ilə insan şüurunu oyadır, onu Tanrını dərk etmək naminə yorulmaq bilmədən mistik, bəzən təhlükəli səyahətə dəvət edir. Şair bu səyahətə başlamağa belə qabil olmayan ortodoksal fanatiklərin saxtakarlığını və riyakarlığını tənqid edir və bununla da ehkamları alt-üst edir.
AZƏRTAC xəbər verir ki, İspaniya İslam Şurasının ictimaiyyətlə əlaqələr üzrə direktoru, Xaen Universitetinin professoru Antonio de Diyeqo bu fikirləri Azərbaycanın İspaniya Krallığındakı səfirliyi və İspaniya İslam Şurası tərəfindən təşkil edilmiş “İmadəddin Nəsimi və Azərbaycan humanizmi” mövzusunda konfrans çərçivəsində AZƏRTAC-a verdiyi müsahibəsində söyləyib.
İspaniyalı şərqşünas deyib: “Konfransda mən Nəsiminin humanist baxışları barədə danışdım, bu böyük filosof-şairin irsini təhlil etdim, Nəsiminin rübai və qəzəllərini öz tərcüməmdə deklamasiya dedim. Böyük şair və mütəfəkkir öz humanist baxışlarında ali idraka - mərhəmətli Tanrını dərk etməyə çalışır, ehkamlardan kənara çıxır. Şairin fikrincə, Tanrını dərk etmək yolu dünyanın və insanın dərk edilməsindən keçir. Bu halda biz hərflərin məna kodunu açır, dünyanı özümüz üçün kəşf edirik”.
Təbii olaraq belə bir sual yaranır: Nəsiminin bu səyahəti nə ilə başa çatdı? Nəsimi bu fanatiklərin onu mühakimə etməsinə nə üçün imkan verdi? Cavab çox sadədir: Nəsimi İslam dünyasının böyük mütəfəkkirlərinin o dəstəsinə mənsubdur ki, onlar ortodoksal ehkamlar həddindən kənara çıxmağa, hadisələrin dərin mahiyyətinə varmağa və mütləq həqiqəti anlayaraq mərhəmətə gəlməyə nail olublar, onlar anlayıblar ki, əbədi cənnət bizim iç dünyamızdadır.
Doktor Antonio de Diyeqo sonda ümidvar olduğunu bildirib ki, bu konfrans İspaniyada Nəsimi humanizminə xas olan və müasir dövr üçün çox vacib dəyərlərin öyrənilməsinə həsr edilmiş elmi tədqiqatların başlanğıcı olacaq.
Nigar Cəfərli
AZƏRTAC–ın xüsusi müxbiri
Madrid