DÜNYA


Antoniu Quterreş koronavirusla mübarizədə Afrikaya kömək etməyə çağırıb

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş dünya ictimaiyyətini yeni koronavirus infeksiyası pandemiyasının fəsadları ilə mübarizədə Afrika ölkələrinə kömək etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Antonio Quterreş, həmçinin Afrika ölkələrinin koronavirusa qarşı istənilən mümkün vaksinasiya və müalicələri tez, bərabər və ucuz əldəetmə imkanlarını təmin etmək üzrə qlobal tədbirlər paketi hazırlamağın vacibliyini vurğulayıb.

“Afrikada pandemiya hələlik ilkin mərhələdədir və tez bir zamanda artaraq dağıdıcı nəticələrə səbəb ola bilər. Afrika ölkələri ilə qlobal həmrəylik həm mövcud vəziyyətdən çıxış, həm də onun uğurla bərpa edilməsi üçün birinci dərəcəli məsələdir”, - deyə BMT-nin baş katibi bildirib.

“Mən dünyanın ümumdaxili məhsulunun ən azı 10 faizini təşkil edən qlobal tədbirlər paketi hazırlamağa çağırıram. Bu, beynəlxalq cəmiyyət tərəfindən Afrikaya göstəriləcək 200 milyard dollar həcmində əlavə yardım deməkdir”, - deyə Antonio Quterreş əlavə edib.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 11:10-a olan məlumatına əsasən, dünyada 4 milyon 989 mindən çox yoluxma və 324 min 974 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalananların sayı isə 1 milyon 961 min nəfəri ötüb.

Afrika qitəsində indiyə qədər yeni koronavirusa yoluxanların sayı 93 min 331 nəfərə çatıb, 2 min 925 nəfər isə həyatını itirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.