SİYASƏT
Antverpenli iştirakçılar mitinqçilərə həmrəyliklərini ifadə ediblər
Berlin, 22 fevral, AZƏRTAC
Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün Belçikanın Antverpen şəhərindən gəlmiş həmvətənlərimiz Rəşad İbrahim və Rauf Həsənov aksiya iştirakçılarına həmrəyliklərini nümayiş etdiriblər.
Onlar AZƏRTAC-a müsahibələrində bildiriblər ki, hər ikisi bu Benilüks ölkəsinin diaspor təşkilatının gənclərini təmsil edirlər. Onlar bu mitinqdə iştirak etməyi öz vətəndaşlıq borcu hesab edirlər. “Belə mitinqlər tariximizin faciəli səhifələrinin unudulmasına imkan vermir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir”, - deyə Rəşad İbrahim qeyd edib. O ümidvar olduğunu bildirib ki, tezliklə bütün bayramlarımızı erməni işğalından azad edilmiş Qarabağda qeyd edəcəyik.
Onun dostu Rauf Həsənov Vətəndə yaşayanların diqqətinə çatdırıb ki, diaspor üzvlərindən heç biri xalqımızın istəklərini yaddan çıxarmır. “Qoy Azərbaycanda heç kim düşünməsin ki, biz Qarabağda baş verənləri unutmuşuq. Biz bu gün Qarabağda baş verənləri diqqətlə izləyirik. Biz bu gün də buradayıq, etiraz səsimizi ucaltmaq üçün sabah da, birigün də burada olacağıq”, - deyən R.Həsənov etirazların işğal bitənə qədər davam edəcəyini bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin