SİYASƏT


Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan: 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan mənim üçün fərqli bir ölkədir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Mənim qəlbimin bir hissəsi daim bu ölkədədir. Babalarım Ənvər paşanın və Nuru paşanın ruhu Azərbaycandadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan bildirib. Osmanlı dövlətinin 1918-ci ildə Azərbaycana göstərdiyi kömək barədə danışan Arzu xanım qeyd edib ki, Erməni-daşnak, bolşevik qüvvələri Azərbaycanla Anadolu arasında o dövrdə inkişaf etməkdə olan münasibətlərə zərbə vurmaq üçün işğalçılıq siyasətinə əl atdılar. Bu zaman Azərbaycandan Ənvər paşaya müraciətlər başladı və bütün maneələrə baxmayaraq, bu çağırışlar qısa müddətdə Qafqaz İslam Ordusunun təşkili və fəaliyyətə başlaması ilə cavablandırıldı: “Babam Ənvər paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi - Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək”.

Arzu Ənvər Əroğan bildirib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini əks etdirən maraqlı tarixi faktlar da mövcuddur. Xəlil paşa o günləri belə xatırlayırdı: "Azərbaycanın təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən daşnaklar və bolşeviklər tərəfindən işğal ediləndə mənə Şərq orduları komandanlığı vəzifəsi verildi. Ənvər paşa Bakı istiqamətində hərəkətə keçəcək İslam Ordusu yaratmaq qərarına gəldi. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru paşa Ənvər paşanın qardaşıdır. Biz birlikdə döyüşmüşdük. Balkan cəbhəsində, I Dünya müharibəsi zamanı ona önəmli vəzifələr verilmişdi...”

Ənvər paşanın nəvəsi vurğulayıb ki, 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi. O dövrdə və ondan əvvəlki hadisələr yazışmalarda qeyd olunurdu və 1918-ci ilin avqustunda Bakı əhalisinin Qafqaz İslam Ordusuna göndərdiyi müraciətin son cümlələri belə idi: “...Əgər siz bu böyük İslam şəhərini tuta bilməsəniz, Allah deyənlərin varlığını aradan qaldırmaq istəyən və qaldıran düşmənlər öndən və arxadan sizi əhatə edəcək, qıcanan dişlər yeni zülmlər üçün itilənmiş olacaq. Lakin sən, ey türk əsgəri, ingilislərin gücünü öz hesabına Çanaqqalada qırdın, onların güllələrinə, ən böyük hərbi gəmilərinə aylarla sinə gərdin. Türk adını ucaldan Çanaqqala, Kut-ül Amarə, Galisiya, Rumıniyadan sonra Qafqaza gələcəksən və Bakı şəhəri də igidlik tacının bir almaz daşı olacaq..."

Arzu Ənvər diqqətə çatdırıb ki, 1918-ci ildə daşnak-bolşevik qüvvələrinə qarşı aparılan mübarizənin bu gün müsbət nəticələri göz önündədir. Minlərlə şəhidin qanının töküldüyü torpaqda müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, bu gün ortaq inkişafa imkan yaradan əsl münasibətlərin möhkəm təməlləri qurulub. Ulu öndər Heydər Əliyevə və onun davamçısı Prezident İlham Əliyevə, eləcə də Türkiyə rəhbərlərinə münasibətlərin inkişafına verdikləri böyük töhfələrə görə daim böyük minnətdarlıq düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.