CƏMİYYƏT
Aparılan monitorinqlər ölkəmizdə quş qripi olmadığını təsdiq edib
Bakı, 12 mart, AZƏRTAC
Fevralın 25-dən martın 1-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq, eləcə də dəniz sahili ərazilərdə aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanaraq təhlil edilib. Təsadüfi qaydada ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialı və qeyd edilən rayonlarda ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 240 baş müxtəlif növ ev quşunun qan nümunələri toplanaraq materiallarla birlikdə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.