CƏMİYYƏT


Aparılan reydlər zamanı 332 müəssisədə heyvan kəsimi və ət satışında nöqsanlar aşkarlanıb

Bakı, 28 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində bu il mayın 1-dən iyunun 22-dək ümumilikdə 23 ət satışı mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 21 müəssisədə ətlərin qəbulu, saxlanılması və satışı ilə bağlı sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, eyni zamanda, 4 müəssisədə ətlərin baytarlıq ekspertizası aparılmadan satışının həyata keçirildiyi aşkar olunub və həmin faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib və sahibkarlar cərimələnib.

Bundan əlavə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə və yol kənarlarında qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə agentliyin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə həmin dövr ərzində 473 məntəqədə reyd keçirilib.

Aparılan reydlər zamanı 332 müəssisədə qanunsuz heyvan kəsimi və ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışı faktı aşkarlanıb. Bununla əlaqədar 64 müəssisədə təkrar nöqsana yol verildiyi üçün heyvan kəsimində istifadə olunan qurğular sökülüb, 14 sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub və 257 müəssisə rəhbərinə xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.