CƏMİYYƏT
Aparılan sorğu əhalinin daha çox hansı qorxulardan narahat olduğunu aydınlaşdırıb
Bakı, 19 iyun, AZƏRTAC
Sosial Tədqiqatlar Mərkəzi ölkə əhalisinin qorxu indeksini öyrənmək üçün respondentlər arasında sorğu keçirib və tədqiqat əsasında onları daha çox narahat edən qorxuların nədən ibarət olduğu araşdırılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sorğu zamanı Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1212 respondentin rəyi öyrənilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.
Respondentlərin 51,9 faizi kişi, 48,1 faizi qadınlardan ibarət olub. Rəyi soruşulanların 31,7 faizi 18-33 yaş, 34,5 faizi 34-49 yaş və 27,3 faizi 50-65 yaşlarında olub.
Sorğunun nəticələrinə görə rəyi soruşulanlar ən geniş yayılmış iki qorxudan - ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlığa zərər dəyməsindən ehtiyatlandıqlarını bildiriblər. Əldə edilən nəticəyə görə, respondentlərin 70 faizdən çoxu hər iki hadisədən bu və ya digər dərəcədə qorxduqlarını ifadə ediblər. Sorğu iştirakçılarının 72 faizi ailə üzvlərinin, 46 faizi özünün xəstələnməsindən qorxur.
Diqqətçəkən məqamlardan biri də respondentlərin 51,6 faizinin COVID-19-a yoluxmaqdan ehtiyatlanmaması ilə əlaqədardır. Müqayisə üçün deyək ki, mərkəzin bu ilin martında keçirdiyi sorğunun nəticələrinə əsasən, əhalinin 44,9 faizi COVID-19-a yoluxmaqdan qorxmadığı halda, 27,5 faizinin qorxu dərəcəsi az olub. Beləliklə, ötən müddət ərzində bəşəri epidemiyadan qorxmayanların səviyyəsində müəyyən artım olduğu müşahidə edilib. Bununla yanaşı, onu da qeyd etməyə dəyər ki, koronavirus pandemiyasından çox qorxanların göstəricisində 10 faiz azalma baş verib.
COVID-19 pandemiyasına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da var. Pandemiyanın ikinci dalğasından qorxanlarla qorxmayanların faiz nisbəti təxminən bərabərdir. Ümumilikdə respondentlərin 57,6 faizi ikinci dalğanın baş verməsindən qorxduğu halda, 38,5 faizi ondan çəkinmir.
Digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyalar da araşdırılıb.