ELM VƏ TƏHSİL


Apellyasiya Komissiyasına qeydiyyat başa çatır

Bakı, 25 aprel, AZƏRTAC 

2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin tədrisin digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apellyasiya Komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apellyasiya Komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müraciətlərinin qeydiyyatı isə davam etməkdədir.

Apellyasiya Komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir.

Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir.

Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir.

Qeyd edək ki, tədrisin digər dildə aparıldığı bölmələrdə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə tədrisin digər dildə aparıldığı bölmələrdə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi zamanı videoçəkiliş aparılır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.