İQTİSADİYYAT
“Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub
Bakı, 12 avqust, Elvira Məmmədova, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apellyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən elektronlaşdırılıb. Artıq “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də “Elektron hökumət” portalının operatoru olan RYTN portala inteqrasiya edilən bu yeni elektron xidməti ictimaiyyətə təqdim edib. Nazirliyin mütəxəssisləri tərəfindən Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə elektron xidmətlə bağlı təlim də keçirilib.
“Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərinə müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və icra hakimiyyəti orqanlarına operativ çatdırmasına xidmət edir.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası katibliyinin rəhbəri Yaşar İbrahimov bildirib ki, sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan bu xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətlərinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Bu xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərdiyi müraciətə baxılma barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanacaq.
RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov yeni elektron xidmətin üstünlüklərindən danışıb.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tam elektronlaşdırılmış yeni sistemə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası da daxil olmaqla 118 qurum qoşulacaq.