İQTİSADİYYAT
“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub.
Layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olub. Birinci yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləği xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası mayın 19-20-də Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” layihəsi tutub.
Qeyd edək ki, Beynəlxalq “Golden Byte” IT çempionatı regional seçim və regional final mərhələlərdən ibarətdir və 10 ölkədən 10 min nəfərdən çox iştirakçını bir araya gətirir. “Step IT Academy” tərəfindən Azərbaycanda təşkil olunan regional final mərhələsi mayın 4-də keçirilib. İki yarımfinal mərhələsindən keçmiş layihələr yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beynəlxalq “Golden Byte” IT çempionatı 2008-ci ildə “Step IT Academy” tərəfindən təsis edilib. Builki regional “Golden Byte” finalının baş sponsoru “AzerTelecom” şirkətidir.
Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim imkanları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdir.
İnnovasiya sahəsində lider olan “Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.