Aprel döyüşləri Ordumuzun gələcək hərbi əməliyyatlarda çevikliyini, əlaqəli döyüşmək imkanlarını artırdı VİDEO
AzerTAg.az

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun inkişaf mərhələsi bir neçə istiqamətdə təhlil oluna bilər. Birinci və ikinci istiqamətlər ordunun yarandığı ilk 12 ili əhatə edir. Sonrakı mərhələ isə 2012-2016-cı illərdir ki, ordumuz bu dövrdə öz silah və texnika parkını kifayət qədər müasir, rəqəmsal və digər elmi-nəzəri baza əsasında hazırlanan texnologiyalarla zənginləşdirdi. Həmçinin Azərbaycan Ordusu bir sıra qoşun növlərini silah, texnika və şəxsi heyət, kadr ehtiyatını daha da yüksək səviyyədə formalaşdıra bildi. Məhz ordumuzun hərb tarixinə diqqət yetirsək, görərik ki, 2015-2016-cı illərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tez-tez qarşıdurmalar baş verirdi, müxtəlif mövqe əməliyyatları həyata keçirilirdi. Bu gərginlikdə Azərbaycan Ordusu bir-birinin ardınca döyüş meydanında uğurlar əldə etməyə başladı. 2015-ci ilin yay aylarında baş verən toqquşmada və 2016-cı il aprelin 2-5-də Lələtəpə və Talış istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusunun hərbi əməliyyatları bunun əyani təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Aprel döyüşlərinin İkinci Qarabağ müharibəsində ordumuza təcrübə qazandırmaq baxımından oynadığı rolundan, Silahlı Qüvvələrimizə verdiyi üstünlüklərindən danışarkən deyib.
O bildirib ki, ilk növbədə məsələyə hərbi-siyasi kontekstdə yanaşmaq lazımdır. Azərbaycan məğlub ölkə vəziyyətindən qalib ölkəyə çevrildi. Yəni müdafiədə dayanan və ərazilərinin böyük hissəsini itirən, xüsusilə də Qarabağın dağlıq hissəsində əsaslı mövqeyə malik olmayan Azərbaycan Ordusu ilk dəfə 2016-cı il aprelin 2-5-də aparılan əməliyyat nəticəsində həmin hissədə, həmçinin keçmiş Ağdərə və Goranboy rayonlarında, Talış istiqamətində mövqeyini gücləndirdi. Lələtəpə yüksəkliyini azad etməklə, eləcə də Azərbaycanın nəzarətində olan ərazilərdə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Arazboyu kəndlərində yaşayış məntəqələrimizin təhlükəsizliyini qismən təmin etmiş oldu.
Hərbi şərhçi vurğulayıb ki, bu, Azərbaycan Ordusunun gələcək hərbi əməliyyatlarda, döyüşlərdə çevikliyini, əlaqəli, rabitəli işləmək, döyüşmək imkanlarını ortaya çıxardı və daha da artırdı. Həmçinin düşmənin gücünü, potensialını, döyüşə hazırlıq vəziyyətini meydana çıxardı. Bununla da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəsinin ilkin rüşeymləri artıq cücərtməyə başladı. Eyni zamanda, bu döyüşlər tarixi Zəfərə aparan yola işıq saldı, erməni əsgərlərinin gözünü qorxutdu. Azərbaycan 2016-cı ildə Qarabağ ərazisində əks-həmlə əməliyyatı keçirir, Ermənistan ordusunu darmadağın edirdi.
Ermənistanın özü üçün yaratdığı miflərdən söz açan hərbi şərhçi xatırladıb ki, istənilən qalib ordu haqqında əfsanələr formalaşdırılır. Ermənistan cəmiyyətində də onun ordusunun gücü, qüdrəti, döyüş qabiliyyəti haqqında miflər formalaşdırılmışdı. “Düşmən ordunun yüksək çinli zabitləri əfsanəvi sərkərdələr kimi Ermənistan cəmiyyətində qəbul olunurdu. Aprel döyüşləri ilə həmin dövrdə Ermənistan ordusuna rəhbərlik edən yüksək çinli zabitlərin - Seyran Ohanyan və digərlərinin yüksək döyüş, sərkərdəlik qabiliyyətinə malik olması mifi məhv edildi. Bunun ardınca isə ölkənin siyasi hakimiyyətində çaxnaşma baş verdi. Hərbi strukturlarla siyasi rəhbərik arasında qarşıdurma yarandı. Nəhayət, bu sonda 2018-ci ildə əli azərbaycanlıların qanına batmış Robert Köçaryan və Serj Sərkisyan hakimiyyətinin devrilməsi ilə nəticələndi”, - deyə Ramil Məmmədli diqqətə çatdırıb.
Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin iştirakçısı olan Xüsusi Təyinatlı Qüvvələrin mənsubu isə döyüşlərin ildönümü ilə əlaqədar bildirib ki, düşmənin təxribat törətdiyi barədə xəbər gələndən sonra döyüş yerinə yollanmaq əmri alıblar: “Əraziyə çatandan sonra ermənilərin təxribat törətdikləri mövqelər barədə məlumatlandırıldıq və bizə həmin istiqamətlərdə erməni postlarının götürülməsinə dair tapşırıq verildi. Zirehli maşınlara minib qruplar şəklində Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərə yollandıq. Həmin ərazidə ağır artilleriya atəşinə məruz qalan ordumuzun bölmələrinə kömək etdik. Yaralılarımız da vardı. Düşmənə artilleriya atəşi ilə cavab verərək bölmələrimizi çətin vəziyyətdən çıxartdıq”.
XTQ mənsubu qeyd edib ki, düşmən təxribatının qarşısı alındıqdan sonra bir neçə vacib yüksəklik və post ələ keçirilib: “Həmin postlarda mövqeləndik, mühafizəsini təşkil etdik. Atəşkəs elan edildikdən sonra aprelin 4-ü gün batana yaxın ermənilər itirdikləri yüksəklik və postları geri qaytarmaq üçün hücuma keçdilər. Lakin buna nail ola bilmədilər. Hava qaraldıqdan sonra mövqeləri geri qaytara bilməyəcəklərini anlayıb geri çəkildilər. O gecə biz də orada qaldıq, ordumuzun bölmələri və texnikaları mövqelərini möhkəmləndirdi. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız oldu. Lakin uzun illərdən sonra ilk qələbəmizi də əldə etdik. Düşmən ordumuzun gücünə bələd oldu, məğlubiyyətsizlik mifləri o zaman iflasa uğradı”.
Bir tərəfdən torpaqlarımızın işğal altında olmasının, digər tərəfdən yaşayış məntəqələrimizin atəşə tutulmasının, dinc əhalinin, uşaqların həlak olmasının hiddət doğurduğunu söyləyən XTQ mənsubu deyib: “Aprel döyüşlərində onların cavabını versək də, əsl döyüşün qarşıda olacağını bilirdik. Çünki döyüş meydanından suyu süzülə-süzülə çıxan düşmən təsəllini yenə də təxribatlarda, silahsız insanları qətlə yetirməkdə tapırdı. Torpaqlarımızı tamamilə erməni cəlladlarından təmizləyəcəyimiz günü səbirsizliklə gözləyirdik. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcək və öz ərazilərimizi istənilən yolla azad edəcəkdik. Elə bu arzumuza çatmamıza da düşmən özü vəsilə oldu. 2020-ci ildə onların qudurğanlığın ən pik nöqtəsinə çatan davranışları ağır məğlubiyyətə düçar olmaları ilə nəticələndi. Ardıcıl təxribatlarla səbir kasamızdakı son damlanı da daşıran erməni qaniçənləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında çaşbaş qaldılar. Otuz il ərzində müxtəlif vasitələrlə, hər bir vəchlə, ağır istehkamlarla, əraziləri minalamaqla mövqelənən ermənilər Azərbaycan Ordusunun qorxacağını, torpaqlarını azad etmək üçün irəli atılmayacağını düşünürdü. Görünür, onlar Aprel döyüşlərindən çox da dərs almamışdılar, ya da reallıqları qəbul etmək istəmirdilər. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində bir addım belə geri çəkilmədən irəliləyən ordumuzun qarşısında tab gətirə bilməyən ermənilər çarəni silahı atıb qaçmaqda görürdülər. Əslində Aprel döyüşlərində əldə etdiyimiz yüksəkliklər bizim Qələbəmizin, düşmənin isə növbəti və ağır məğlubiyyətinin təməlini qoymuşdu. Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuza inamı, xalqımızın birliyi, ordumuzun hər bir mənsubunun cəsarəti döyüş əzmimizi artıran və Qələbəmizi şərtləndirən əsas amillər oldular. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün uzun illər hazırlaşdıq”.
Vurğulayıb ki, “Təlimdə tər, döyüşdə zəfər” deyə bir deyim var. Yəni təlimdə nə qədər tər töksən də, döyüşdə hər şey tam fərqli olur. Real döyüşdə hansısa mövqeni, yüksəkliyi götürdükdə iki hissi eyni anda yaşayırsan: qələbə sevinci və itki və ya yaralılara görə kədər. Lakin qazanılan Zəfər də insana özünü toparlamaq üçün bir təsəlli olur. Aprel döyüşlərində qazandığımız təcrübə və çıxartdığımız nəticə o oldu ki, döyüşdə soyuqqanlı olmaq və daim düşmənin üzərinə getmək lazımdır. İkinci Qarabağ müharibəsində də belə əks-hücum taktikası ilə vuruşduq. Ümumiyyətlə, hər zaman düşmənə yaxın olmaq onun hürkməsinə və qaçmasına səbəb olur. Biz uğurlu gedişlərimiz və taktikalarımızla düşmənin ömrü boyu unutmayacağı və hər gün görəcəyi qorxulu yuxusuna çevrildik.
“Bu gün böyük qürur hissi keçirirəm ki, Ordumuz həm Aprel döyüşləri, həm Tovuz təxribatları, həm də Vətən müharibəsində savaş meydanından üzüağ, alnıaçıq ayrıldı. Lakin 2016-cı il Aprel döyüşlərini heç zaman unutmayacağam, çünki o mənim üçün bir başlanğıc oldu və mənə real döyüşdə necə davranmağı öyrətdi”, - deyə XTQ mənsubu bildirib.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı rayonları istiqamətində döyüşən XTQ mənsubu “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Xəbərin mətnində orfoqrafik səhv var