Aprel döyüşləri: müstəqil Azərbaycanın şərəf tarixi
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü müasir beynəlxalq münasibətlərin ən qanunsuz və bütün normaları aşan bir faktıdır. Dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü kobud şəkildə pozaraq ərazilərimizi 30 il ərzində işğal altında saxlayan, bütün beynəlxalq prinsip və hüquqi bəyanatları qulaqardına vuran rəsmi İrəvan tam şəkildə hərbi xunta rejiminə çevrilmişdi. Azərbaycanın bütün sülh çağırışları, hərbi qarşıdurmaya son qoyaraq problemi danışıqlarla həll etmək niyyəti hər zaman Ermənistan tərəfindən destruktiv mövqe ilə qarşılanmışdır. Azərbaycan rəhbərliyinin “biz sülh tərəfdarıyıq, amma danışıqlar nəticə verməyəcəksə, biz güc yolu ilə torpaqlarımızı azad etməyə qadirik” bəyanatı da bu müddət ərzində nə işğalçı rejim, nə də dünya birliyi tərəfindən lazımınca qiymətləndirilmədi. Xarici havadarlarına güvənən Ermənistan öz işğalçı siyasətini nəinki davam etdirmiş, hətta ölkəmizə qarşı açıq təhdidlər səsləndirməkdən belə çəkinməmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan sülh danışıqlarının aparılması ilə bərabər, dövlətin iqtisadi və hərbi gücünün artırılması Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Azərbaycan lideri bütün beynəlxalq vasitəçilərin danışıqlarına açıq olduğunu bəyan etməklə yanaşı, ölkənin hərbi qüdrətini də əsas hədəf kimi seçmişdi. Qısa müddətdə Azərbaycan Ordusunun həm taktiki, həm də texniki baxımdan gücləndirilməsi prosesinə start verildi. İşğalçı dövlətin atəşkəs anlaşmasını pozmasının layiqli cavabını verməyə hazır olan Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel ayında göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq ordumuzun bölmələri əks-həmlə ilə hərb tariximizdə qürurla anılacaq bir tarix yazdı. Aprel döyüşləri kimi tarixə düşən bu hərbi əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Beləliklə, erməni ordusunun məğlubedilməzliyi haqda mif darmadağın oldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Statistikaya nəzər salanda məlum olur ki, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq hərbi qulluqçu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Aprel döyüşləri bir neçə il sonra əldə edilən tarixi Zəfərin başlanğıcı oldu.
Ümumiyyətlə, müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşləri Prezident İlham Əliyevin sərkərdəliyi altında uğurlu olmaqla yanaşı, həm də düşmənə son otuz ildə endirilən ən ağır zərbə oldu. Pərən-pərən salınan düşmən ordusu qəhrəman əsgərlərimiz qarşısında miskin duruma düşdü. Ermənistan hərbi ekspertləri 44 günlük müharibədən sonra etiraf etdilər ki, onların məğlubiyyətinin əsası 2016-cı ilin aprelində qoyuldu. Çünki Ermənistan hərbi-siyasi hakimiyyəti Aprel döyüşlərini düzgün təhlil edə bilmədilər. Aprel toqquşmalarında Ermənistan anlamalı idi ki, Azərbaycan fövqəlordu yarada bilib.
Deputat sonda bildirib ki, Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. 7-ci ildir ki, Aprel döyüşlərini məğrur, başıdik, xalqımızın qəhrəmanlıq salnaməsi kimi qarşılayırıq. Aprel əməliyyatında Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz mübarizə əzmini ortaya qoyaraq peşəkarlıq, yenilməzlik nümunəsi kimi təqvimimizi şərəfləndirdi. Apreldə baş verənlər həm də onu göstərdi ki, qüdrətimiz qarşısında Ermənistan və onun havadarları çox cılız göründü və sübut etdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz. Amma Vətən bu şərəfli əməliyyatda şəhid verdi. Qəlbimizin dərin guşəsinin əbədi sevimliləri olan Aprel əfsanəsi olan şəhidlərimizi qürurla anır, ruhları qarşısında baş əyirik.
Xəbərin mətnində orfoqrafik səhv var