Aprel döyüşləri: siyası iradə, igidlik və inamın harmoniyası

Bakı, 4 aprel, AZƏRTAC
Ötən il aprelin ilk dörd günü xalqımızın tarixinə təqvimin adi günləri kimi deyil, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının dəmir iradəsi, gündən-günə müasirləşən və möhkəmlənən ordumuzun növbəti igidliyi və müstəqillik tarixindən bəri qazanılan ən yaddaqalan zəfərimizin birgə harmoniyasından yaranan şanlı səhifə kimi yazılıb.
Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonu və Naftalan şəhəri üçün potensial təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini düşməndən azad edərək, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” yüksəkliyinə nəzarəti ələ keçirə bildi.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AZƏRTAC-a müsahibəsində deyib.
Alim vurğulayıb ki, aprel döyüşləri zamanı əsgərlərimiz ölkə ərazisinin bütövlüyü üçün ciddi təhdid sayılan, döyüş bölgəsində böyük strateji əhəmiyyət daşıyan əraziləri Azərbaycanın tarixi arealları kimi yenidən geri qaytarmaqla yanaşı, həm də respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar ölkə rəhbərliyinin siyasətindəki qətiyyəti və gücü tam ifadə edə bildilər. Düşməni qorxu içində saxlayan, onları böyük hərbi və mənəvi itkilərə məruz qoyan cəsur əsgər və zabitlərimiz xalqımızın özünəinam hissini daha da qüvvətləndirərək zəfər tariximizə yeni şanlı səhifələr yazdılar.
Düz bir il bundan əvvəl baş vermiş qızğın döyüşlərlə yadda qalan həmin tarixi günlərdə Azərbaycan xalqı heç də ermənilər kimi təşvişə düşmədi, əksinə, öz liderinin siyasi iradəsinə sığınaraq, səngərdə vuruşan əsgərlərinə dəstək oldu, onların zəfər və qalibiyyətinə böyük inam bəslədi. Neçə-neçə Azərbaycan gənci Ali Baş Komandana müraciət edərək vətən uğrunda fədakarlıq göstərib əsgərlərimizlə çiyin-çiyinə uca amallar üçün vuruşmağa hazır olduğunu bildirdi.
F.Salmanovun sözlərinə görə, AMEA-nın gənc alim və mütəxəssisləri də həmin günlərdə baş verən hadisələrə laqeyd qalmayıblar. Belə ki, ötən il aprelin 6-da akademiyanın Əsas binasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək göstərilməsi məqsədilə “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib. Elm adamları, o cümlədən gənclər qazanılmış zəfərə görə Ali Baş Komandana və onun əsgərlərinə sonsuz təşəkkürlərini bildirib, şəhid olmuş igidlərimizi rəhmətlə anıblar.
Əlbəttə, müharibədə əldə olunan hər bir uğur, böyük zəfər müəyyən itkilərin hesabına başa gəlir. Aprel döyüşlərində böyük zəfərimizin qazanılması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullarımız Azərbaycanın şərəf salnaməsinə yeni səhifələr yazdılar. Bu gün, fərqi yoxdur, sıravi bir gəncin və ya gənc alimin ən ümdə arzusu igid oğullarımız kimi şücaət göstərərək düşməni qanına qəltan etmək, Vətən, torpaq uğrunda şəhid olmaqdır. Amalımız birdir: torpaqlarımızın işğaldan azad olunması, üçrəngli müqəddəs bayrağımızın Vətənin aydın səmasında dalğalanması.