MƏDƏNİYYƏT
Aprel şəhidi Urfan Vəlizadə haqqında çəkilmiş sənədli film təqdim olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi tərəfindən “Azərbaycan Bayrağı” ordenli Urfan Vəlizadənin qəhrəmanlığından bəhs edən “Təki Vətən sağ olsun” sənədli filmi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.
Tədbirdə layihənin rəhbəri, ictimai birliyin sədri Şəbnəm Rəfaelqızı çıxış edərək filmin çəkilişlərində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, filmin çəkilişləri şəhid qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə aparılıb. Layihə üç ay müddətinə icra olunub.
Sonra sənədli film tamaşaçılara təqdim olunub.
Filmdə qəhrəmanın həyat yolu, ailə üzvlərinin, dostlarının gənclərimizə örnək olacaq xatirələri öz əksini tapıb.