İQTİSADİYYAT
Apreldə “Azərişıq” ASC-yə rekord sayda sahibkar müraciət edib
Bakı, 4 may, AZƏRTAC
Aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə rekord sayda müraciət daxil olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, sahibkarların elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərinin sayı 4 dəfə artıb. Cari ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin sayının sürətlə artması ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və “ASAN xidmət”lə iş idarəsi yaradılıb. “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. “Azərişıq” ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN Kommunal” mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.