İQTİSADİYYAT
Apreldə OPEC+ sazişinə 152 faiz əməl olunub
Bakı, 26 may, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə aprel ayında 152 faiz əməl edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, bu, indiyədək iştirakçısı ölkələrin sazişə əməletmə səviyyəsinin ən yüksək göstəricisidir.
“Bu, istehsalçılar, istehlakçılar və qlobal iqtisadiyyatın uzunmüddətli maraqlarına xidmət etmək üçün nəzərdə tutulan və bazarda sabitliyin bərpasına iştirakçı ölkələrin sadiqliyini göstərir. OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) bəzi idxalçı və istehlakçı ölkələrin qlobal neft bazarındakı çatışmazlıqlarla əlaqədar narahatlıqlarını nəzərə alır”, - deyə OPEC bildirib.
OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.