İQTİSADİYYAT
Apreldə ictimai iaşə dövriyyəsi azalıb
Bakı, 22 may, AZƏRTAC
Cari ilin aprel ayında ictimai iaşə dövriyyəsi əvvəlki ayla müqayisədə 2,3 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 4 dəfə azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 27,6 faiz azalaraq 304,2 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 43,1 faizi hüquqi şəxslərin, 56,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 23,3 faiz azalaraq 129,8 milyon manat təşkil edib.
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin ölkəmiz ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər dövlətlərində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı azalma (cari ilin aprel ayında mart ayı ilə müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə 12,1 dəfə) nəticəsində aprel ayında cari ilin mart ayı və ötən ilin aprel ayı ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmində müşahidə edilmiş kəskin azalma olub.