İQTİSADİYYAT
Apreldə vergi orqanlarına daxil olan müraciətlərin 77 faizi müsbət həll olunub
Bakı, 12 may, AZƏRTAC
2017-ci ilin aprel ayı ərzində vergi orqanlarına 10 min 711 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.
Vergilər Nazirliyinin Media Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müraciətlərdən 94,4 faizi ərizə, 5,5 faizi şikayət, 0,1 faizi isə təklif olub.
Məlumata görə, müraciətlərin 37,7 faizi müxtəlif arayışların alınması, 35,0 faizi kameral vergi yoxlamaları, 9,9 faizi vergi borcları, 2,2 faizi vergi qanunvericiliyinin tətbiqi, 1,8 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,9 faizi səyyar vergi yoxlamaları, 0,5 faizi qəbul, 0,3 faizi işlə təmin olunma, 0,2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 faizi operativ vergi nəzarəti tədbirləri, 0,1 faizi korrupsiya hüquqpozmaları, 9,3 faizi digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 77 faizi müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarında ümumilikdə 411 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, aprel ayının 24-də vergilər naziri Fazil Məmmədov tərəfindən Saatlı rayonunda Saatlı, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan 33 vətəndaş qəbul edilib.