CƏMİYYƏT
Aprelin 10-da paytaxtın Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək
Bakı, 9 aprel, AZƏRTAC
Pensiya ödənişləri Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə də həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vəsaitlər həmin rayonlar üzrə 85 min 994 nəfər pensiyaçının bank hesablarına köçürülüb.
Aprelin 10-da paytaxtın Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq, bununla da aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq.
Aprelin 20-21-də müavinət, təqaüd və kompensasiya, aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya POS-terminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.