CƏMİYYƏT


Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bakı, 25 aprel, AZƏRTAC

Hər il aprelin 25-də Ümumdünya Malyariya ilə Mübarizə Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.

Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.

Geniş yayılmış infeksion xəstəliklə mübarizə hərtərəfli və birgə mübarizə tələb edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə xüsusi proqram qəbul edib. Malyariya günü çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq səviyyədə həmin günün qeyd olunması endemik ərazilərdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və xəstəliklə mübarizədə səyləri birləşdirmək imkanı verir, elmi-tədqiqat müəssisələri və mütəxəssislərin diqqətini xəstəliyin qarşısını almağa yönəldir, eyni zamanda, qüvvələri bu sahədə daha səmərəli yollar axtarılmasına səfərbər edir.

Ötən əsrin 90-cı illərində ölkəmizdə malyariyaya yoluxan xeyli xəstə olsa da, sonuncu dəfə bu xəstəliyə 2012-ci ildə rast gəlinib. Bundan iki il sonra 2 nəfər Azərbaycan üçün xarakterik olmayan tropik malyariyaya tutulub. Aparılan tədbirlər nəticəsində hazırda ölkəmizdə malyariyanın aradan qaldırılmasına nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.