İDMAN
Aprelin sonunadək Avropa Oyunlarının bütün idman obyektləri istifadəyə veriləcək VİDEO
Bakı, 9 aprel, Səxavət Quliyev, AZƏRTAC
Avropa Oyunlarına hazırlıq plan üzrə davam edir və bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək. “Bakı-2015” Avropa Oyunları Azərbaycan tarixində mühüm hadisədir. Biz qitə Oyunlarını Olimpiada səviyyəsində təşkil etməyi planlaşdırırıq. Bunun üçün qarşımıza müxtəlif vəzifələr qoyulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində idmançıların yarışa hazırlığına həsr olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Avropa Oyunlarına hazırlıq müddətində mühüm işlər görülüb. Yeni idman qurğuları istifadəyə verilib, bəzilərində yenidənqurma işləri aparılıb. Heydər Əliyev Arenası və Bakı İdman Sarayında aparılan təmir işləri bu obyektlərin görünüşünü çox dəyişib. Yeni idman qurğuları istismara hazırdır. Aprelin sonunda sonuncu idman qurğusu - “Baku Sport City” də istifadəyə veriləcək.
Nazir vurğulayıb ki, təhlükəsizlik və nəqliyyat sahəsində də mühüm işlər həyata keçilib. “Bakı-2015”ə 18 minədək könüllü cəlb olunacaq. Onların beş mini Avropa Oyunlarının mərasimlərində çıxış edəcək. Həmçinin tamaşaçı proqramı da hazırlanıb ki, bununla paytaxt sakinləri idman yarışlarına cəlb olunacaq. Burada yarışları izləməklə bərabər tamaşaçılar üçün maraqlı və rəngarəng təşkilati işlər aparılır.
Azərbaycan komandasının Olimpiya Oyunlarında uğurlu çıxışından bəhs edən nazir Avropa Oyunlarında da bu uğurun təkrarlanmasının qarşıya hədəf qoyulduğunu diqqətə çatdırıb.
Sonra nazirliyin sektor müdiri Mirkamil Rəhimov Azərbaycan idmançılarının Avropa Oyunlarına hazırlığı barədə məlumat verib. O qeyd edib ki, idmançıların hazırlıq prosesi üç mərhələdə aparılıb. Bu mərhələlər ərzində idmançılar müxtəlif təlim toplanışlarında iştirak edib və beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Sonuncu mərhələyə cari ilin iyununda yekun vurulacaq. Bu mərhələdə idmançılarımız 24 beynəlxalq turnirdə mübarizə aparıb və 16 qızıl, 13 gümüş, 29 bürünc medal qazanıblar. Atletlərimiz 18 təlim-məşq toplanışında iştirak ediblər.
Ölkəmizdə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil edildiyini bildirən M.Rəhimov ilk Avropa Oyunlarına hazırlaşan yığmamızın üzvlərinin təhsil və hərbi xidmət məsələlərinin həll olunduğunu vurğulayıb.
Sonra yerli federasiyaların nümayəndələri ilə birlikdə müzakirələr aparılıb.