MƏDƏNİYYƏT


Aprelin zərif notları ...

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Klassik musiqi axşamı” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, gecədə P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi Nazxanım Dadaşova solo proqramla çıxış edib. Qeyd edək ki, Nazxanım Dadaşova P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbini bitirib. Prezident təqaüdçüsüdür. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb. Beynəlxalq müsabiqələr və festivalların qalibidir.

Klassik musiqi axşamında ifaçı Debussi “12 prelüd”, Şostakoviç “Prelüd və Fuqa –d-moll”, Qara Qarayev “Tsarskoe selo heykəli”ni ifa edib. Mülayim atmosfer və tamaşaçı ilə ünsiyyət şəklində davam edən konsert böyük maraq və sevgi ilə qarşılanıb. Çünki, ifa etməzdən əvvəl gənc pianoçu hər bir əsər haqqında məlumat verir və öz düşüncələrini bölüşürdü. İfadan sonra isə tamaşaçılar öz təəssüratlarını dilə gətirirdilər. Hər bir əsərin öz tarixçəsi, hər bir dinləyicinin isə öz dünyası var. Konsert boyu Nazxanım Dadaşova uzaq illərdən müasir günümüzə boylanan notların harmoniyası ilə müasir insanın düşüncələrini bir araya gətirməyi bacardı. Zalda əyləşən dinləyicilər klassik musiqinin dərinliklərində ruhən rahatlıq, sevinc və duyğuların ən yüksək zirvəsinə qalxmaq imkanı qazandılar. Əsərlərin insan ruhuna təsiri, dinləyicidə yaratdığı təəssürat ifanın sonunda elə zaldan birbaşa ifaçı ilə bölüşülür və ifa bir –birini əvəzlədikcə gur alqışlar onu müşayiət edirdi.

Qeyd edək ki, Nazxanım Dadaşova Moskvada təhsili davam etdirməklə yanaşı Bakıda dəfələrlə konsert proqramları ilə çıxış edib. “Qəbələ” Beynəlxalq Musiqi Festivalında, kamera və orqan musiqisi zalında fortepiano musiqisindən ibarət konsert (2014), “Gəncliyin dalğasında” adlı yay festivalı çərçivəsində Beynəlxalq Gənclər gününə həsr olunmuş klassik musiqi gecəsində, eləcə də bu günlərdə Qara Qarayevin ev-muzeyi və R.Behbudov adına 2 nömrəli Musiqi Məktəbində çıxışlarını qeyd etmək olar. Həmçinin onu da diqqətə çatdıraq ki, Prezident təqaüdçüsü olan gənc ifaçı Rusiyada Azərbaycanla bağlı keçirilən mədəni tədbirlərdə yaxından iştirak edərək bu tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.