İDMAN


Aqil Acalov yenidən Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti seçilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, iclası açan federasiyanın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov yığıncaqda gündəlikdə duran məsələlər barədə məlumat verib. Ötən ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən T.Həsənov ölkəmizdə idmanının bu növünün inkişafı istiqamətində atılmalı olan addımlardan, yeni təqvim ilində nəzərdə tutulmuş planlardan danışıb.

Bu məsələlər idarə heyətinin üzvləri tərəfindən ətraflı müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

T.Həsənov çıxışında federasiyanın prezidenti Aqil Acalova səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib. O, A.Acalovun göstərilən etimadı doğruldaraq federasiyanın inkişafı və uğurlar qazanması üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.

A.Acalov çıxışında ona göstərilən etimada görə T.Həsənova minnətdarlığını bildirib, federasiyasının inkişafı üçün bundan sonra da səylə çalışacağını deyib.

Yığıncaqda federasiyanın idarə və icra heyətlərinin üzvlüyünə, tədris komitəsi üzrə paytaxtda və regionlarda yeni vəzifələrə təyinatlar olub.

Federasiyanın prezidenti vəzifəsinə təşkilatın idarə heyətinin sədri T.Həsənov tərəfindən A.Acalovun namizədliyi irəli sürülüb.

A.Acalov səsvermə nəticəsində yenidən Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti seçilib.

Yığıncaqda, həmçinin Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib vəzifələrinə təyinat alıblar. Bundan əlavə, federasiyanın Bakı və Sumqayıtdan başqa, Gəncə, Qazax, Quba, Şamaxı və digər regionlarda da filialları və onların məsul şəxsləri təsdiqlənib. Federasiya tərəfindən 2022-ci ildə keçiriləcək yarış və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb.

Sonda yeni vəzifələrə təyin olunan şəxslərə müvafiq vəsiqə və sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.