ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyi Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında təmsil olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində bir sıra məsələlər, o cümlədən Avrasiya Patent Təşkilatına üzv dövlətlər ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun müzakirəsi və ölkəmizin namizədinin Avropa Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması məsələləri müzakirə edilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr nəticəsində Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətni qəbul edilib və ölkəmizin namizədi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunub.
Belə nüfuzlu beynəlxalq regional təşkilatda Azərbaycan namizədinin yüksək vəzifəyə təyin olunması ölkəmizdə sahə üzrə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü islahatların, o cümlədən respublikamızın regional lider dövlətə çevrilməsinin daha bir göstəricisidir.
Xatırladaq ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb. Azərbaycan 1994-cü il sentyabrın 9-da Avrasiya Patent Konvensiyasını (APK) imzalayıb, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzv olub. Təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan. APT-nin idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir.