ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyi: İxtiraçı qadınlarımız Koreyada 3 qızıl, 2 gümüş və 3 bürünc medala layiq görülüb



Bakı, 2 iyul, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyində Koreya Respublikası Beynəlxalq Qadın İxtiraçılar Assosiasiyası tərəfindən təşkil edilmiş 12-ci Beynəlxalq Qadın İxtiraları Sərgisi və Forumunda ölkəmizi təmsil edən əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyeva və “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri tərəfindən bitki mənşəli müalicə xarakterli preparatların alınması və istifadəsi ilə bağlı 1 Azərbaycan və 8 Avrasiya patenti olmaqla cəmi 9 ixtira patenti üzrə əldə olunan məhsullar nümayiş etdirilib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov qurumun fəaliyyəti haqqında məlumat verib. O, Agentliyin daim ölkəmizdə ixtiraçılıq fəaliyyətinə, innovativ yeniliklərə dəstək olduğunu və burada Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin yaradıldığını diqqətə çatdırıb və beynəlxalq tədbirdə mükafatlandırılan Azərbaycan nümayəndələrini təbrik edib.
Məlahət Qəhrəmanova ölkəmizin nümayəndələrinin ilk dəfə Koreya Respublikası Beynəlxalq Qadın İxtiraçılar Assosiasiyası tərəfindən keçirilən bu tədbirdə iştirak etdiyini diqqətə çatdırıb və Azərbaycan qadınlarının ixtiralarının yüksək dəyərləndirildiyini bildirib.
Məhbubə Vəliyeva sərginin iki əsas mükafatından birinin - “Xüsusi priz”in məhz ölkəmizin nümayəndəsinə təqdim olunduğunu, ümumilikdə isə ixtiraçı qadınlarımızın 3 qızıl, 2 gümüş və 3 bürünc medala layiq görüldüyünü qeyd edərək beynəlxalq tədbirdə iştirak ilə əlaqədar təşkilati məsələlərin həllinə görə Agentliyin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Görüşdə, həmçinin yaxın zamanda ölkəmizdə ixtiraçı qadınların ictimai birliyinin yaradılması məsələsi müzakirə edilib.