ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinin ekspertizasının icra vəziyyəti müzakirə edilib

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə Agentliyin geniş tərkibli iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclasda ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinə 2016-cı ildən 2018-ci il avqustun 1-dək (Əqli Mülkiyyət Agentliyinin fəaliyyətə başlamasından əvvəl olan dövr) daxil olan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların icra vəziyyəti müzakirə edilib.

Sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə 2016-2018-ci illərdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası sahəsində qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyətinin yoxlanılması üzrə yaradılmış komissiyanın hesabatı dinlənilib.

Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə 32 iddia sənədi daxil olub. İddia sənədlərinin icra vəziyyəti təhlil edilib. Sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilib. Komissiyanın rəyinə görə, yol verilmiş nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmaması olub.

İclasda qeyd olunan müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülmüş işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.

Sonda Agentliyin İdarə Heyətinin sədri icraya nəzarətin gücləndirilməsi, vətəndaşlara xidmət keyfiyyətinin artırılması, işlərin sürətləndirilməsi üzrə konkret tapşırıqlar verib. Araşdırmalar tam başa çatdıqdan sonra nəticələrdən asılı olaraq əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tətbiq olunacağı xüsusi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.