ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyində ümummilli lider Heydər Əliyevə həsr edilmiş tədbirlər keçirilib

Bakı, 10 may, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinin Aparatında, o cümlədən Agentliyin tabeliyində olan qurumlarda – Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirlər keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, toplantılarda adını bəşər tarixinə əbədi həkk etmiş, yaddaşlarımızda müdrikliyin əbədi rəmzinə çevrilmiş Heydər Əliyevə bütün azərbaycanlıların, türk dünyasının şanlı tarixi, qürur mənbəyi kimi baxıldığı, məhz onun müdrikliyi, titanik səyləri nəticəsində xalqımızın adının dünya xalqları sırasında öz layiqli yerini tutduğu, Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi və dönməz olduğu qeyd edilib.

Çıxış edənlər Ulu Öndərin uzaqgörənliyi sayəsində Azərbaycan tarixinin yeni parlaq inkişaf mərhələsinin – neft strategiyasının həyata keçirilməsi erasının başlandığını, Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının bütövlükdə ölkəmizin bütün sahələrini əhatə etdiyini və bu gün Azərbaycanın bölgənin ən inkişaf edən ölkəsinə çevirdiyini bildirib, dünyanın görkəmli dövlət xadimlərinin və siyasətçilərinin Heydər Əliyevin böyüklüyünü etiraf edən yüksək fikirlərini misal gətiriblər. Vurğulanıb ki, əqli mülkiyyət sahəsində əldə edilmiş nailiyyətlərin əsası hələ 90-cı illərin ortalarında qoyulub, həmin illərdə çox mürəkkəb və çətin vəziyyətə, eyni zamanda, əqli mülkiyyət sahəsinin dövlətçiliyimiz üçün yeni bir sahə olmasına baxmayaraq, Ulu Öndər bu sahənin inkişafına xüsusi diqqət yetirib.

Tədbirlərdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklərin baş verdiyi qeyd olunub, bu sahədə qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının təminatı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, əqli mülkiyyətin kommersiyalaşması, texnologiyaların transferi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Tədbirlər çərçivəsində Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyindəki qurumların bir neçə əməkdaşı qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.