ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada keçirilən seminarda məruzə ilə çıxış edib

Bakı, 23 noyabr, AZƏRTAC

Moskvada Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası tərəfindən “Əqli mülkiyyətin tədris olunması” mövzusunda elmi-praktik subregional seminar keçirilib. Seminarda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Günel Vəliyeva da iştirak edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 10-dan çox ölkənin əqli mülkiyyət qurumlarının əməkdaşları, patent müvəkkilləri, texniki və humanitar ali məktəblərin müəllim və tələbələrinin qatıldığı tədbirdə əqli mülkiyyətin təhsil müəssisələrində tədrisinin bütün aspektlərinin aktual məsələləri müzakirə olunub.

Tədbirdə keçid iqtisadiyyatı ölkələrində əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlığı üzrə milli sistemlərin metodikası, müasir dövrdə əqli mülkiyyətin tədrisinin xüsusiyyətləri və tələbatları, texnologiyaların transferi ilə bağlı məsələlərin öyrənilməsi, gənclər arasında əqli mülkiyyətin geniş yayılmasının əsas istiqamətləri və s. məsələlər haqqında məruzələr dinlənilib.

Günel Vəliyeva məruzəsində ölkəmizdə ali təhsilin bakalavr və magistr səviyyələrində əqli mülkiyyətin tədris olunması məsələlərinə toxunub. O, təmsil olunduğu qurumun Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində reallaşdırılan tədbirlər barədə seminar iştirakçılarına məlumat verib.

Seminarın sonunda əqli mülkiyyətin tədrisi ilə bağlı region ölkələrinin təcrübələri, bu sahədəki problemlər “dəyirmi masa” ətrafında müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.