ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Qırğızıstanda tədbirdə iştirak ediblər

Bakı, 25 may, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Qırğızıstan Respublikası Hökuməti yanında Əqli Mülkiyyət və İnnovasiya üzrə Dövlət Xidmətinin (Qırğızpatent) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət siyasəti və qadınların əqli mülkiyyətdə roluna fokuslanan əqli mülkiyyət problemləri” mövzusunda regional seminar keçirilib. Tədbirdə ÜƏMT-nin mütəxəssisləri, Belarus, Böyük Britaniya, Qazaxıstan və Monqolustanın nümayəndələri, Qırğızıstanın elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər.

Seminarda ölkəmizi Əqli Mülkiyyət Agentliyinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı Simuzər Abdullayeva və Agentliyin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ixtira və faydalı modellərin ekspertizası şöbəsinin əməkdaşı Natəvan Talışova təmsil ediblər.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Universitet və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti” və “Qadınlar və əqli mülkiyyət sistemi” mövzuları əsas müzakirə predmeti olub, həmin mövzuların mahiyyəti barədə açıqlamalar verilib və konseptual fikir mübadiləsi aparılıb.

Müzakirələr əsasən müasir dövrdə universitet və elmi-tədqiqat müəssisələrindəki əqli mülkiyyət siyasətinin cari vəziyyəti ilə bağlı olub. Seminarda çıxış edən məruzəçilərin təqdimatlarında həm dünya təcrübəsi, həm də təmsil etdikləri ölkələrin universitet və elmi-tədqiqat müəssisələrindəki əqli mülkiyyət siyasəti, texnologiyaların transferi və kommersiyalaşdırılması, eyni zamanda, bu məsələ ilə əlaqədar qadınların rolu vurğulanıb. Seminara dəvət olunan qonaqlar öz ölkələrindəki startapçı qadınlar və universitetlərdəki əqli mülkiyyət siyasəti barədə məruzələr ediblər.

Ölkəmizdən olan nümayəndələr çıxışlarında gender bərabərliyi, müasir Azərbaycan qadınının ictimai həyatda fəal rolu, respublikamızın universitet və elmi-tədqiqat müəssisələrində həyata keçirilən əqli mülkiyyət siyasəti məsələləri barədə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.