ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda təqdimat edib
Bakı, 23 oktyabr, AZƏRTAC
İstanbul şəhərində Türkiyənin Boğaziçi Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Türkiyə Patent və Əmtəə Nişanları İdarəsi (TÜRKPATENT), Avropa Patent İdarəsinin birgə təşkilatçılığı ilə əqli mülkiyyətin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin plenar iclasını TÜRKPATENT-in rəhbəri Habip Asan və Boğaziçi Universitetinin rektoru professor Mehmed Özkan açıblar. Mehmet Özkan Boğaziçi Universitetinin 2011-ci ildən etibarən mütəmadi ev sahibliyi etdiyi bu tədbirlərdə əqli mülkiyyət sahəsinin mühüm problemlərinin müzakirə olunduğunu bildirib.
Konfransın plenar iclas və panellərində “Əqli mülkiyyətin idarəedilməsinə diqqətin artırılması”, “Əqli mülkiyyətin kommersiyalaşdırılması təcrübələri”, “Universitetlərdə əqli mülkiyyət siyasəti” və digər mövzular üzrə çıxışlar və təqdimatlar olub.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin aparıcı məsləhətçisi Simuzər Abdullayeva “Əqli mülkiyyətin kommersiyalaşma təcrübəsi” panelində “Texnologiyaların transferi və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması: Azərbaycan təcrübəsi və perspektivlər” mövzusunda təqdimat edib. O, həmçinin ölkəmizdə həyata keçirilən geniş islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində yeniliklərdən, o cümlədən sahənin idarəolunması ilə əlaqədar yaranmış qurumun - Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat verib.
S.Abdullayeva ölkəmizin ÜƏMT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirib və bu təşkilatın oktyabr ayının birinci dekadasında keçirilmiş Baş Assambleyasında Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə nailiyyətlərinə yüksək qiymət verilərək, bu təşkilatın aparıcı bölmələrində ölkəmizin təmsil olunmasına diqqəti yönəldib.
Konfransda ABŞ, Almaniya, Belçika, Fransa, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, Polşa və Türkiyədən əqli mülkiyyət sahəsi üzrə mütəxəssislər, müxtəlif universitet və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.