REGİONLAR
Aqrar Elm və İnnovasiya Mərkəzi Neft-Kimya Prosesləri İnstitutu ilə birgə elmi tədqiqatlar aparacaq
Bakı, 26 fevral, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru İmran Cümşüdov nazirlik ilə AMEA arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, birgə elmi tədqiqatların, o cümlədən pestisid və üzvi gübrələrin təcrübələrinin aparılması, nəticələrin fermerlərə çatdırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməli olduğunu deyib.
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov əməkdaşlığın perspektivləri haqqında danışıb. Qeyd edib ki, “Azofos-K” üç qida elementli gübrənin əkinlərdə tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac var. İnstitutda yaradılmış, Yüksək Texnologiyalar Parkının rezidenti olan “İNKOR” MMC ilə birgə istehsalı təşkil olunmuş gübrə Şamaxıda süfrə üzüm bağlarının 28 hektarında və Ağsu rayonundakı 290 hektar nar bağında istifadə edilib. Üzüm bağlarına hektara 214 kiloqram gübrə verilib, nəticədə 252 tondan çox məhsul əldə olunub. Nar bağlarına isə hər hektara 110 kiloqram “Azofos-K” gübrəsi verilib, nəticədə hər hektardan 15 ton məhsul yığılıb. Diqqətə çatdırılıb ki, gübrə zərərli komponentlərə, o cümlədən nitrat azotuna malik deyil, səmərəlidir, maye halda olduğundan daşınması, saxlanması, damcı üsulu ilə sahəyə verilməsi asandır.
Görüşdə sözügedən gübrənin fermer təsərrüfatlarında tətbiqi imkanları müzakirə olunub, Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzlərində təcrübələrin aparılması və təbliği qərara alınıb.