REGİONLAR
Aqrar İnkişaf Könüllüləri Toxumçular Assosiasiyası ilə əməkdaşlıq edəcək
Bakı, 28 fevral, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” (AİK) təşkilatı və “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi birgə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən tərəflər resurslardan birgə istifadə edərək müştərək addımların atılması, gənclərin inkişafı istiqamətində gələcək layihələrdə səmərəliliyin artırılması və kənd təsərrüfatında yenilikçi innovasiyaları təşviq etmək üçün təcrübələrini bölüşəcəklər. Həmçinin əməkdaşlıq çərçivəsində “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi Aqrar İnkişaf Könüllülərindən faydalanacaq, könüllülük fəaliyyəti həyata keçiriləcək.
AİK-in sədri Kamran Əliyev və “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin sədri Afər Hacıyev təşkilatların fəaliyyəti və gələcək planları, eləcə də memorandumun yaradacağı imkanlardan söz açıb.
K.Əliyev çıxış edərək kənd təsərrüfatının Azərbaycanda xüsusi strateji sahəyə çevrildiyini və Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq bu sahəyə göstərilən xüsusi diqqəti və “Könüllülər ili”ndə nəzərdə tutulan fəaliyyətləri qeyd edib. K.Əliyev hər iki təşkilatın həm gənclərə, həm də aqrar sahənin inkişafına yönələcək layihələrindən danışıb. AİK-in təkcə aqrar sahədə deyil, fəaliyyət göstərdiyi bütün regionlarda müxtəlif sferalara töhfə verəcəyini diqqətə çatdırıb.