REGİONLAR
Aqrar Kredit və İnkişaf Agentliyi ilə “Bank Respublika” fermerlərə birgə təlim keçəcək
Bakı, 20 iyun, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) “Bank Respublika” ASC ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan “Bank Respublika” ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. Sənədi AKİA-nın sədri Mirzə Əliyev və “Bank Respublika”nın idarə heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
M.Əliyev memoranduma əsasən fermerlərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək veriləcəyini vurğulayıb: “Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən faydalananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının, sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək istəyir. Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında və aqrar sahədə biliklərinin genişləndirilməsində “Bank Respublika”nı özümüzə tərəfdaş görmək istəyimizdir”.
T.İsmayılov isə qeyd edib ki, təmsil etdiyi maliyyə qurumu ölkədə aqrar sektorun inkişafı ilə bağlı layihələri dəstəkləyəcək: “Bank Respublika” sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə - Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. “Bank Respublika” qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə davam edəcək”.
Əməkdaşlıq memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi, məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə tutulub.