REGİONLAR
Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları fermerlər arasında məlumatlandırma aparırlar VİDEO
Xaçmaz, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Fermerlərin 2020-2021-ci il payız əkinləri üzrə subsidiya almaqları üçün əkin bəyanlarının təqdim edilməsi davam edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi əkin bəyanlarının doğru və vaxtında təqdim edilməsi üçün regionlarda fermerləri məlumatlandırma fəaliyyəti həyata keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Xaçmaz rayonunda əkinçi fermerlərlə görüşərək artıq torpaq sənədlərinin hazır olduğu barədə məlumat veriblər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmək qaydası, qeydiyyatı olanlara əkin bəyanı etmək, bəyan üçün lazım olan addımlar ətraflı izah edilib. Görüşdə AKİA əməkdaşlarının yardımı ilə fermerlər öz telefonları vasitəsilə eagro.az saytında şəxsi kabinetlərinə daxil olaraq, əkin bəyanlarını doldurublar.
Fermerlər yeni mikrokredit paketləri ilə də tanış olublar. Bildirilib ki, bitkiçilik və heyvandarlıq məhsulları əldə edilənədək fermerlər yem, gübrə və aqrotexniki qulluq üçün mikrokreditlərdən faydalana bilərlər. 15 min manat məbləğədək olan, 12 faizədək təyinatlı mikrokreditlərin ilk 6 ayı güzəşt müddətidir. Yalnız 7-ci ayda məhsul reallaşdıqda kredit məbləğinin yarısı ödənilir, növbəti 5 ay ərzində isə kredit məbləği və faizlər bərabər hissələrlə geri qaytarılır.