REGİONLAR


Aqrar Sığorta Fondu qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Bakı, 7 may, AZƏRTAC

Aqrar Sığorta Fondu son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, son günlər respublikanın bəzi bölgələrində baş verən kəskin temperatur dəyişmələri, qar, dolu, aramsız yağışların yağması əkin sahələrinə və təsərrüfatlara da zərər vurub.

Bəzi ərazilərdə su əkin sahələrini yuyub-aparıb, əkin sahələri və meyvə bağları isə aşağı temperatur şəraiti ilə üzləşiblər.

Belə təbiət hadisələri insanların həyat şəraitinə müvəqqəti çətinliklər yaratmaqla yanaşı, əkin sahələrinə də zərər vurur, fermerləri və təsərrüfatları gözlənilən gəlirdən məhrum edir. Nəticədə təsərrüfatların gəlirləri kəskin azalır, hətta bəzi hallarda biznesin tamamilə itirilməsi təhlükəsi yaranır.

Fond bildirir ki, Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi sayəsində ölkəmizdə fermerlərin əziyyət çəkdiyi və zərərlə üzləşdiyi bütün növ əsas təbiət hadisələrindən qorunmaq mümkündür.

Hazırda qüvvədə olan aqrar sığorta qaydaları əkin sahələrini təbii fəlakət, qasırğa, fırtına, dolu, bitki xəstəlikləri, ziyanvericilər və üçüncü şəxslərin hərəkətlərindən və sair risklərdən qorumağa imkan verir.

Fermerlər olduqca aşağı məbləğdə aqrar sığorta haqqı müqabilində əkin sahələrini bu risklərdən sığortalaya bilərlər. Bu halda hesablanan sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Aqrar Sığorta Fondu fermerləri və iş adamlarını təbiətin şıltaqlıqları və digər sığorta hadisələrindən qorunmaq üçün əkin sahələrini və kənd təsərrüfatını sığortalamağa çağırır.

Əkin sahələrini sığorta etmək istəyən fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna (telefon 1651) və aqrar sığorta sistemində iştirak edən sığorta şirkətlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.