İQTİSADİYYAT


“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC sığorta fəaliyyəti üçün lisenziya alıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində növbəti mühüm addım atılıb.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti üçün lisenziya verib. Bu lisenziya ölkənin ilk aqrar sığorta şirkətinə sığorta fəaliyyəti həyata keçirməyə imkan verir. Yaxın günlərdə aqrar sığorta qaydalarının da qəbul edilməsi gözlənilir. Bundan sonra aqrar sığorta sistemi işə düşəcək. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib. Bunlar “PAŞA Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

“Aqrar sığorta haqqında” Qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirəcək. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcək.

Azərbaycan Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 milyon manat həcmində müəyyən olunub. Bununla yanaşı, güclü maliyyə dayanıqlılığının təmin edilməsi və prudensial normalara əməl edilməsi məqsədilə şirkətin dövlətin müəyyən etdiyi minimum həcmdən daha böyük məbləğdə nizamnamə kapitalı formalaşdırmaq qərara alınıb. Təsisçilərlə əldə edilmiş razılığa əsasən, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 milyon 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.

Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məhsulları və əkin sahələrini, eləcə də balıqları sığortalamaq mümkün olacaq. İlkin mərhələdə südlük inək-camışların, 14 növ bitki üzrə əkin sahəsi və məhsulların sığortalanması nəzərdə tutulur. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və risklərin siyahısı genişləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.