REGİONLAR


Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasıdır

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatı var. Hazırda ölkədə un dəyirmanlarının tələbatından iki dəfə çox buğda ehtiyatı mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan il ərzində 1,3 milyon ton buğda idxal edir. Bu isə, ümumi buğda ehtiyatları balansı baxımından 40 faiz idxaldan asılılıq deməkdir: “Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlər səbəbindən ölkəmizin idxalı müəyyən qədər azalıb. Gözləntimiz odur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrinin daxil olduğu regionda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95 faizi Rusiya hesabına təmin olunur”.

Firdovsi Fikrətzadə bu vaxtadək yerli emalçılar üçün Rusiyadan buğda almağın iqtisadi baxımdan ən səmərəli model olduğunu vurğulayaraq bildirib ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı tədarük etmək üçün min fermerlə razılaşmalıdır. Bu isə müəyyən çətinliklərə səbəb olurdu: “Amma həmin emal müəssisəsi Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ən ucuz logistika ilə ala bilirdi. Həmçinin Rusiyanın buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır. Buna görə də, emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdülər. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirdilər. Yəni, bu vaxtadək elə bir mühit formalaşmışdır ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, nə də emalçılar fermer axtarışında deyildilər. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub”.

Yeni çağırışlardan birinin ölkədə buğda idxalını azaltmaq olduğunu söyləyən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru qeyd edib ki, bunun üçün iri taxılçılıq təsərrüfatları yaradılmalıdır. “Bəzən belə ifadə səslənir ki, 500 min hektar sahədə buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Çünki taxılçılıq təsərrüfatları böyük olmalıdır. Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədir ki, Avstraliyada taxıl əkilən sahələr 4 min hektardan başlayır, Rusiyada orta hesabla 1000 hektardan çox olan sahələrdə taxıl əkilir. Bizdə isə ortalama taxıl üzrə əkin sahəsi 1,85 hektardır. Ona görə də strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasıdır. Dövlət üçün iri taxılçılıq təsərrüfatlarının yaradılması maraqlıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.