REGİONLAR


Aqrar Universitetdə akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans keçirilib

Gəncə, 30 iyun, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən “Cəlal Əliyev Azərbaycan biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıb.

Rektor qeyd edib ki, akademik Cəlal Əliyev yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticələr verən buğda sortlarını yaradıb, Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiyasını işləyib hazırlayıb, Bitki Genbankı yaradıb, “Azərbaycanın Qırmızı kitabı” nəşrinin baş redaktoru olub. Onun yaratdığı elmi məktəbin nümayəndələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində, o cümlədən MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropada aqrar elmin inkişafına töhfələr verirlər.

Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, dosent Ələmdar Məmmədov, bu elm müəssisəsinin laboratoriya müdiri, dosent Şəhriyar Bayramov, Kənd Təsərrüfat Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri dosent Tofiq Allahverdiyev, ADAU-nun biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova akademik Cəlal Əliyevin fundamental elmi araşdırmaları və nailiyyətlərinə dair maraqlı məruzələrlə çıxış edib, alimlə bağlı xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.