REGİONLAR
Aqrar Universitetdə akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü
Gəncə, 12 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tarla gününün keçirilməsində məqsəd Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə ADAU-nun Taxıl və paxlalı bitkilər laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələrini müzakirə və fermerlərə təqdim etmək olub.
Tarla günündə ADAU-nun rayonlaşdırılmış qarğıdalı sortları (“ADAU-80” və “Məhsuldar”) nümayiş etdirilib, yeni qarğıdalı hibridlərinin alınma metodikası təqdim olunub.
Bildirilib ki, təcrübə sahəsində payızlıq taxılların məhsulu yığıldıqdan sonra şum aparılmadan (sıfır-becərmə) qarğıdalı səpilib, nəticədə bir ildə iki dəfə məhsul yığılmaqla bərabər, torpaq və su resursları mühafizə olunub. Həmçinin qlobal istiləşmə yaradan karbon qazı emissiyası azaldılıb, xərclərə qənaət edilib.
Tarla gününü açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin həyat yolu, elmi nailiyyətləri, elmi məktəbinin davamçıları, müəyyən etdiyi elmi istiqamətlər üzrə araşdırmaların əhəmiyyəti barədə danışıb.
Qeyd olunub ki, dünyada 150 milyon hektardan çox ərazidə sıfır-becərmə texnologiyası tətbiq olunur. Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sıfır-becərmə və ya torpaqqoruyucu əkinçilik təbii resursları və ətraf mühiti mühafizə edən, biomüxtəlifliyi və təbii bioloji prosesləri canlandıran yanaşma olmaqla, aqroekosistemlərin təkmilləşdirilməsini, dayanıqlı məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin edən bir sistemdir.
Tarla günündə ADAU-nun aqronomluq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası, “Region” Agroparkı, “AgroDairy” MMC, “Türyançay” MMC, “Amin” toxumçuluq təsərrüfatı, ətraf rayonların fermerləri və iş adamları iştirak edib.